“MUĞAN BANK”-DA 72,3 MİLYON MANAT ƏMANƏTİ OLAN KİMDİR? - Ekspert sensasiyalı faktı açıqladı
"Muğan Bank"-da 72.3 milyon manat əmanət kimə məxsusdur? - Ekspertdən maraqlı açıqlama Dünən Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən "Muğan Bank" ASC-yə dair maraqlı faktlar açıqlanıb. Mərkəzi Bank qeyd edib ki, "2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. İqtisadçı Toğrul Maşallı bildirir ki, "Muğan Bank"-ın eyni dövrü əhatə edən hesabatında bankda oktyabrın əvvəlinə 322 478,29 min manat həcmində depozit var: "Bu depozitlərin kiçik hissəsi, 29 434,09 min manatı, hüquqi şəxslərə aid idi. Bildiyimiz qədər əmanətlərin sığortalanması yalnız fiziki şəxslərin hesablarını əhatə edir. Başqa sözlə sığortalanmamış 105,78 milyon manat arasında 29,4 milyon manatlıq hissə hüquqi şəxslərə aiddir". Ekspertin sözlərinə görə, beləliklə, fiziki şəxslərin sığortalanmamış əmanətlərin payına 76 344,2 min manat düşür. Bəs bu vəsaitlər kimə aiddir? T. Masallı bildirir ki, bankın 2022-ci ilin sonuna olan hesabatından məlum olur ki, 72 363 min manatlıq depozit bir fiziki şəxsə məxsusdur. "Özü də bu fiziki şəxs 2022-ci il ərzində öz əmanətini 27,1 milyon manat artırıb. Təxmin etmək olar ki, bu vəsaitlər məhz ona aiddilər. Kimdir bu fiziki şəxs? Bilinmir. Deyilənə görə bank Odlar Yurdu Universitetinə bağlı idi" - deyə, o, əlavə edib.