"Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
“İndikiləri pul, fəxri ad maraqlandırır. Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər”. Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, aktrisa Nahidə Orucova “Sevilən səhər” verilişində deyib. Aktrisa şəxsi həyatını sənətə qurban verdiyini bildirib: “Qarşımda iki seçim qoydular: ya sənət, ya da ailə. Mən ailəmi sənətə qurban verdim. Övladıma istədiyim diqqəti verə bilmədim, çünki başım sənətə qarışdı. Karyeranı, populyarlığı düşünmürdüm, yalnız sənəti düşünürdüm. O vaxt hamımız beləydik, pul, fəxri adlar almaq barədə düşünmürdük. Tamaşaçı qəlbinə girib onların məhəbbətini qazanmaq istəyirdik. Amma indikilər belə deyil. Pulu düşünürlər, sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər. Ay balam, hələ siz gəlin bizim keçdiyimiz yolun yarısını keçin, sonra”.





















