Azərbaycanda qeyri-rəsmi nikahlı ərini yutubda biabır edən qadın belə cəzalandırıldı - FOTO
Mingəçevir Şəhər Məhkəməsində Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Mediaxeberleri.Az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147-ci və 148-ci (təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb olunmasını tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və "Youtube" platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. "Youtube"da yayılmış video məhkəməyə sübut kimi təqdim edilib. Araşdırmalar zamanı məlum olub ki, həkim E.Hüseynov bir neçə il əvvəl Pərvanə Tahirova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Daha sonra E.Hüseynov Pərvanəni və qızını özünə məxsus evə köçürüb. Lakin bir müddət sonra onların münasibəti pozulub və E.Hüseynov keçmiş sevgilisi və övladının evdən çıxmalarını tələb edib. Lakin P.Tahirova Elxanın tələbini rədd edib və evi ona qaytarmayacağını, onun qızını böyütdüyünü deyib. Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Həmçinin P.Tahirova Elxanın onun yaşadığı evə gizli kamera quraşdırması və sair iddialarla bağlı video çəkərək mediada yayıb. Məhkəmə xüsusi ittiham qaydasındakı şikayəti təmin edib. P.Tahirova qeyd edilən maddələr üzrə təqsirli hesab edilib və 1500 manat cərimə olunub.