Yağış, dolu, külək... - Əhaliyə XƏBƏRDARLIQ
Oktyabrın 19-u axşamdan 20-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Mediaxeberleri.Az -a verilən məlumata görə, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 20-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR-sı, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.