Avro-2024-ün seçmə mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlayacaq
2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oktyabrın 17-də keçiriləcək seçmə oyunları Brüsseldə atışma qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq. Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Mətbuat Xidməti məlumat yayıb. “Bu gecə Avro-2024-ün seçmə mərhələsinin bütün matçlarında dünən Belçika - İsveç matçı öncəsi Brüsseldə baş vermiş terror aktının iki qurbanının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək”, - deyə məlumatda bildirilir. Xatırladaq ki, oktyabrın 16-da Brüsseldə futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib. Belçika və İsveç komandaları arasında Brüsselin Kral Boduen stadionunda baş tutan görüş birinci hissədən sonra 1:1 hesabı ilə dayandırılıb. Fasilə zamanı baş verənlərdən xəbər tutan isveçli futbolçular ikinci hissədə oynamaqdan imtina edib, daha sonra UEFA-nın Mətbuat Xidməti matçın ləğv edildiyini bildirib. Oktyabrın 17-də Belçika Federal Böhran Mərkəzi bildirib ki, azarkeşləri güllələyən şəxs həbs olunarkən öldürülüb. Mənbə: TASS