Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
Son illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi istiqamətində bir sıra məqsədyönlü işlər həyata keçirilir. 2026-cı ilin 25 may tarixində ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, həmçinin, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Respublika Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı bir daha onu deməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sözügedən Dövlət Proqramında əksini tapan məsələlərin icrasına həssaslıqla yanaşılır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 iyul 2026-cı il tarixli 9-23/250 nömrəli Sərəncamı ilə Qazax rayonu üzrə “2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı” ilə bağlı Qərargah yaradılıb və “İş Planı” təsdiq edilib. Dövlət Proqtamının icrası istiqamətində məqsədyönlü işlər görülür, layihələr icra olunur, tədbirlər həyata keçirilir. Sentyabrın 15-də Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Elvin Azadəliyev və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri İlqar Məhərrəmov rayon ərazisində fəaliyyət göstərən aqroparka, iri fermer təsərrüfatlarına, soyuducu anbarlara, istixanalara və yeni intensiv meyvə bağlarına baxış keçiriblər. Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir. Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib. Sahibkarların, təsərrüfat sahiblərinin, fermerlərin təklifləri, müraciətləri dinlənilib.





















