Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi attestatla bağlı məsələyə aydınlıq gətirdi
Tanınmış bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə məktəb attestatı ilə bağlı yaşadığı problemi paylaşıb. O, məktəb attestatının artıq köhnə üsulla təqdim edilmədiyini, yeni qaydaya əsasən sənədin elektron formada, PDF şəklində verilsə də, həmin elektron sənədinin heç bir qurumun apostil etmədiyindən şikayətlənib, sistemdən narazılığını dilə gətirib. Məsələ ilə bağlı Mediaxeberleri.Az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. MÜTDA-dan bildirilib ki, 11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri- attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub. Məlumatda qeyd olunub ki, attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir: ““Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir. Vətəndaşlar attestatlarını mygov.az platformasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən təhsil sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər. Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür”. 





















