Səhnəmizin "Gülnar"ı, Xalq artisti Firəngiz Mütəllimovanın DOĞUM günüdür - FOTO - VİDEO
Bu gün Xalq artisti Firəngiz Mütəllimovanın ad günüdür. Mediaxeberleri.Az xatırladır ki, Firəngiz Bəhər qızı Mütəllimova 1959-cu il mayın 1-də anadan olub. O, 1976-80-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildə Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib. Aktrisa 1996-cı ildən yenidən Akademik Milli Dram Teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, yeni əsərlərdə rollar oynayıb: "Gözəl" ("Qılınc və qələm", M.S.Ordubadi), "Qumral" ("Əliqulu evlənir", S.Rəhman), "Anna" ("Həyatın dibində", M.Qorki), "Nisə xanım" ("Lənkəran xanın vəziri", M.F.Axundzadə), "Maral" ("Sənsiz", Ş.Qurbanov) və s. Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa edib. Onlardan "Gülnar" ("Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", A.Qəhrəmanov), "Mərcan" ("Evləri köndələn yar", Anar), "Almaz" ("Topal Teymur", Hüseyn Cavid), "Almaz" ("Göz həkimi", İslam Səfərli), "Günay" ("Səninlə və sənsiz", Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar. Aktrisa "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi" bədii filmində "Sərvinaz", "Qocalar, qocalar"da "Leyli", "Bəyin oğurlanması"nda "Telli", "İşarəni dənizdən gözləyin"də "Sona", "Mənim ağ şəhərim"də "Ana", "Şərəf" telefilmində isə "Mila xanım" rolunu oynayıb. Firəngiz Mütəllimova 1986-cı ildə "Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti", 1991-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 2002-ci ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
























