Türkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini qərəzli adlandırıb
“Avropa Parlamentinin (AP) bu gün (oktyabrın 5-i) qəbul etdiyi məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan xarakterli qətnamə ilə bağlı bəyanatında bildirib. “İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik. Populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifrat tərəfləri üzrə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı diləyimiz səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır. Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması üçün intensiv səylər göstərir. Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək üçün bütün imkanlarını səfərbər edir”, - sənəddə vurğulanır.