“Ermənistanda 2000 amerikalı diplomatın nə etdiyini görürük” – Zaxaraova Paşinyana “demokratiya dərsi” keçdi
“Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz onlara kömək etmişik, kömək edirik və bundan sonra da kömək edəcəyik”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib. Zaxarova erməni deputatlardan birinin Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib: “Rusiya Ermənistanda dostlarını itirməyib. Başqa bir şey odur ki, biz çoxlu sayda təxribat görürük, Ermənistanda 2000 amerikalı diplomatın nə etdiyini görürük - əsasən saxta məlumatlar, dezinformasiya yayırlar. Təəccüblüdür ki, İrəvan hakimiyyəti bunu hiss etmir. 2000 amerikalı diplomatın Ermənistanda olması nədənsə Ermənistan rəsmiləri arasında heç bir sual doğurmur... Bunun fonunda hakim fraksiyadan müəyyən deputat çıxıb bəyan edir ki, rus mediasının bloklanmasına ehtiyac var. Ən əsası bütün bunlardan əvvəl rusiyalı jurnalistlər artıq Ermənistana buraxılmır, onların adı stop siyahılarına salınıb və s. Xatırlatmaq istərdim ki, Ermənistanın indiki hakimiyyəti “söz azadlığı” şüarı ilə iqtidara gəlib. Qalan hər şey ikinci dərəcəli görünürdü. Bu, yalnız bir istiqamətdə işləyir: yalnız onlar danışa biləndə, hamı danışa bilər və ancaq onların dediklərini yayımlamaq lazımdır. Amma qadağa qoyulanlar alternativ məlumat mənbələridir. Bu mənbələrin kəsilməsi demokratiyaya zərbədir. Bu, Ermənistanın indiki hakimiyyətinin siyasi platformasını təşkil edən əsaslara zərbədir. Bu cür bəyanatlar demokratik prinsiplərdən uzaqlaşmadan xəbər verir”.