Naxçıvanda SOSİAL PROBLEMLƏR KÖRÜKLƏNİR...
Naxçıvanda sentyabr ayı üçün sosial müavinətlərın verilməsi yubanır. MEDİAXEBERLERİ.AZ bildirir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onların bildirdiyinə görə, indiyə kimi sosial müavinətlər hər ayın 25-dən gec olmayaraq ödənilirmiş. Ailə başçısını itirdikdən sonra iki azyaşlı uşağı üçün müavinət alan Firuzə Cabbarova deyir ki, başqa gəlir yeri olmadığı üçün maddi çətinlik yaşayır:
“Onsuz da verdikləri müavinət gündəlik qida təlabatımızı tam ödəmir. Onu da gecikdirən də heç çatdırmaq olmur. Başqa gəlir yerim yoxdur. Çox çətinliklə ötüşürük. Hər ayın 25-nə kimi müavinətləri verirdilər. Bu ay isə pensiyalar vaxtında ödənsə də, sosial müavinətlər yubanır. Səbəini soruşanda deyirlər ki, hələlik büdcədə pul yoxdur, dözün”.
Başqa gəlir yeri olmayan digər şikayətçi Sahib Hüseynov da aldığı müavinətin tezliklə ödəniləcəyinə ümid edir:
“Həmişə pensiyalar veriləndə sosial müavinətlər də verilirdi. Pensiyaçıların pensiyası çoxdan köçürülüb. Bu ay üçün sosial müavinətləri hələ də ödəməyiblər. Ailədə 2-si uşaq olmaqla 4 nəfərik. Vəziyyətimiz çox ağırdır. Nə mən, nə də həyat yoldaşım işləyirik. Müraciət etmişdik gəlib, baxdılar. Bir illik sosial müavinət ayırılmışdı. Bir neçə ay idi vaxtında alırdıq. Gözümüzün tikəcəyi odur. Problemlərimizi tam həll etməsə də, ən azı ərzaq təminatımızı bir təhər həll edirdik. Başqa gəlir yerimiz yoxdur”.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunundan „Gündəlik Naxçıvan“a bildirdilər ki, sosial müavinətlər yaxın günlərdə köçürüləcək.