FHN bu uşaq əyləncə mərkəzini bağladı - Foto
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Bu barədə Mediaxeberleri.Az-a FHN-dən məlumat verilib. Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə edilir, obyektin xarici və daxili divarları yanar üzlük materialları ilə üzlənilib, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.