2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qazax rayonunun Aslanbəyli kəndində seçicilərlə görüş keçirilib.Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA - da Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, təşviqat qrupunun üzvləri İsgəndər Qurbanov, Akif Əmirov, Sevda Həsənova, Elxan Abdullayev, Qədir Əfəndiyev, Kazım Kazımlı, Pəri İbrahimova çıxış ediblər.Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedir. Görüş zamanı qeyd olunub ki, Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ilə qazanılan qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Natiqlər Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar. Çıxış edənlər prezident seçkilərinin əhəmiyyətinə toxunaraq bildiriblər ki, müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək seçkilər Zəfər seçkisidir.Natiqlər seçiciləri uğurlarımızı davam etdirmək və ümumiyyətlə qalib, inkişaf etmiş xalq kimi yaşamaq üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verəcəklərinə əminlik ifadə ediblər.Elnur Quluyev