Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olundu - FOTO
Ağdam şəhərinə növbəti köç karvanı ilə gələn ailələrə yeni mənzillərin açarları təqdim edilib. Bu mərhələdə şəhərə 70 ailə olmaqla, ümumilikdə, 238 nəfər köçürülüb. Doğma yurda dönən sakinlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. Ağdamda qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub. Sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.





















