Dini əlində oyuncaq edən divlər uşaqlarımızı nağıllarla aldatmağa çalışırlar
Kubra Məhərrəmova yazır... Cırtdanın nağılını yəqin ki, eşitməyən yoxdur. Cırtdan divi aldadır və deyir: "Nənəm xəlbirlə çaydan su gətirirdi, mən onu içirdim, sonra yatırdım". Bu nağıl, bu alleqoriya uşaqlarımıza bəzən balaca olub böyük düşmənlərə necə qalib gəlmək olduğunu öyrədir. Və təbii ki, nağıllar da heç də nağıl deyil. Onun içində böyük həqiqət payı gizlənib. Bu nağıl bizə deyir ki, övladlarınıza ayıq-sayıq olmağı öyrədin. Div sənə yatmağa yer də verə bilər, qayğanaq da bişirib verə bilər, hətta sənə layla da oxuya bilər ki, təki sən yatasan. Çünki sən yatandan sonra o, səni və dostlarını mütləq yeyəcək. Əlbəttə, Cırtdan və dostları səhv etmişdilər ki, yolu seçəndə it hürən tərəfə deyil, işıq gələn tərəfə getmişdilər. Və işıq gələn tərəfə getdikləri halda özləri də özlərini bilmədən təhlükəyə atmışdılar. Lakin bu nağıl bizə nə öyrədir? Sən səhv yolu gedə bilərsən, səhv istiqamətə də gedə bilərsən, amma təhlükəni təhlil edib başa düşəndən sonra düşmənə təslim olmaq lazım deyil. O, nə qədər böyük bir div olsa da, sənin təhlilin, ağlın, məntiqin sənə o yoldan çıxmağa mütləq və mütləq kömək edəcək. Bu nağıl heç də təsadüfən ağlıma düşmədi. Çünki bugün baş verən hadisələr fonunda biz uşaqlarımızın, körpələrimizin elə həmin o divlərin əlində necə oyuncaq olduğunu gördük. Təbii ki, bunu görmək hər birimizin ürəyini kədərləndirdi. Çünki uşaq uşaq olmalıdır, uşaqlığını yaşamalıdır. Bəlkə də elə nağıllara inanmalıdır və inanmalıdır ki, bütün şər qüvvələr geci-tezi xeyirə təslim olacaq. Bəlkə də nağılın, elə bəşəriyyətin də əsas qayəsi və qanunu budur. Şər sonunda div boyda olsa belə, geci-tezi balaca xeyirə mütləq şəkildə təslim olacaq. Amma bu da kor-koranə olmur axı. Bayaq da dedim, bir az ağlı, bir az təhsili, bir az tənqidi, bir az da analizi işlətmək gərəkdir. Əgər div sənə layla oxuyursa, onun dediyi şirin sözlərə uymaq lazım deyil. Bir düşünmək lazımdır: bu div niyə mənim qulağıma belə şirin sözlər deyir? Niyə mənim yatmağıma bu qədər çaba göstərir, bu qədər zəhmət tökür? Bu hadisələr fonunda yenə də yatmış hüceyrələrin necə bir an içində aktivliyini gördük, şahidi olduq. Elə öz uşaqlarımızı özlərinə sipər edərək yenə dövlətimizdə, Vətənimizdə, cəmiyyətimizdə narazılıq yaratmağa, ortanı qarışdırmağa başladılar. Gəlin obyektiv olaq. Bu gün məktəb qarşısında səslənən o dini şüarların hansı divin əlinin altından çıxdığını axı yaxşı görürük, eşidirik, bilirik. Bilirik axı, bu, sadəcə deyilən bir söz deyil. Bəli, içimizdə, cəmiyyətimizdə, ölkəmizdə əsrlər boyu İslam dininə xüsusi hörmət, sevgi və pərəstiş olub. Əsrlər də keçsə, biz bunu genetik yaddaşımızdan, ənənəmizdən heç vaxt çıxara bilmərik. Yalnız dini əlində oyuncaq edən divlər ki var, onlar bax beləcə bizim uşaqlarımızın qulağını hansısa nağıllarla aldatmağa çalışırlar. Onsuz da Allaha mütləq inanan, içində Allah sevgisi olan, İslam dinini təmənnasız və səmimi qəlbdən sevən insanın yolu fərqlidir, başqadır. O, heç vaxt qapı-pəncərələri sındırmayacaq. O, heç vaxt məktəbə hücum etməyəcək. O, heç vaxt nə özünə, nə də müsəlman bacı-qardaşına zərər verməyəcək və yaxud elə bir addım atmayacaq ki, onun nəticəsində elə onun müsəlman bacı-qardaşları və yaxud onların uşaqları zərər görsün. Ona görə də bu həngamənin altında əsl divi görməyin vaxtıdır. Ona görə də hər birimizdən bu məsələdə mütləq şəkildə səbirli, bəlkə də bir az Cırtdan qədər hiyləgər davranmağımızı xahiş edirəm. Elə o divi göndərin, getsin çaydan xəlbirlə su gətirsin. Siz isə dostlarınızı da götürün, əmin-amanlıq, sevgi və gözəllik içində olun!





















