Kağız pulların üzərini yazanları hansı cəza gözləyir? - AÇIQLAMA
Tanınmış vəkil Turan Abdullazadə vahid məktəbli forması barədə qərar fonunda etirazlarla bağlı sosial şəbəkələrdə kağız pulların üzərinə “hicaba azadlıq” kimi şüarların yazılmasının hüquqi baxımdan məsuliyyət yaradıb-yaratması barədə müzakirələrə aydınlıq gətirib. Mediaxeberleri.Az xəbər verir ki, vəkil Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan qanunvericiliyində əskinasın üzərinə yazı yazmağı birbaşa və xüsusi olaraq cəzalandıran bir maddə mövcud deyil. T.Abdullazadə bildirib ki, bununla belə, kağız pulların üzərini yazmaq heç bir risk olmadığı anlamına gəlmir: “Mərkəzi Bankın pulların ekspertizası qaydalarına görə, üzərində gözə çarpan yazı və ya ləkə olan pul nişanları yararsız hesab edilir. Belə pulların bank sistemində təkrar tədavülə buraxılması qadağandır və onlar Mərkəzi Banka təhvil verilməlidir. Yəni əsas nəticə inzibati-texniki xarakter daşıyır: banklar bu əskinasları dövriyyədən çıxarır. Pul isə ödəniş vasitəsi olaraq qalır. Bəzi satıcılar yazılı əskinası qəbul etməkdən imtina edə bilər, amma banklar adətən onu dəyişir. Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası qaydalarına əsasən, dəyişdirilmə və ya ekspertiza üçün təqdim edilmiş pul nişanının hüquqazidd hərəkət nəticəsində qəsdən tədavülə yararsız hala salınmasına şübhə yarandıqda pul nişanı qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilir. Konstitusiyaya görə, Azərbaycanın dövlət rəmzləri bayraq, gerb və himndir. Manat bu siyahıya daxil deyil. Ona görə də dövlət rəmzlərinin təhqirinə görə məsuliyyət formal olaraq birbaşa tətbiq edilməməlidir. Ancaq əskinasın üzərində xəritə, gerb elementləri və s. olduğu üçün bəzi hüquqşünaslar bu məsələyə fərqli münasibət bildirə bilər. Çünki pul vahidi olaraq manatla bağlı müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsində təsbit olunmuşdur”. Vəkil bunu da bildirib ki, əslində burada əsas məsələ pulun zədələnməsində deyil: “Dini mövzu olduğu üçün isə dini ekstremizm və ya “dini nifrət və düşmənçiliyin salınması” ilə bağlı maddələrə istinad edilə bilər. “Hicaba azadlıq” ifadəsi özlüyündə zorakılıq çağırışı deyil. Lakin digər dünyəvi respublikalarda olduğu kimi Azərbaycanda da dini mövzulu etirazlara qarşı hüquq-mühafizə orqanlarının yanaşması sərt ola bilir və qanunun necə tətbiq ediləcəyini əvvəlcədən dəqiq demək çətindir. Sübut məsələsinə gəldikdə əskinasdakı yazının kimə aid olduğunu sübut etmək çətindir. Risk əsasən insan bunu açıq şəkildə edəndə, sosial şəbəkədə öz adı ilə paylaşanda və ya kütləvi şəkildə yayanda yaranır. Əskinasın üzərinə yazı yazmağı bilavasitə inzibati xəta və ya cinayət kimi təsbit edən norma yoxdur. Hazırda qanunvericilikdə pul əskinaslarının üzərinə yazı yazmaq, onları cızmaq və ya bilərəkdən zədələmək əməlinə görə birbaşa inzibati cərimə və ya cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Məsuliyyət riski yalnız məzmun və kontekst üzərindən, yəni başqa tərkiblərə uyğunlaşdırma yolu ilə yarana bilər. Bu da qanunçuluq prinsipi baxımından mübahisəlidir. Lakin unutmamaq lazımdır ki, bu mövzuda hüquq-mühafizə praktikası tarixən sərt olub və dünyəvi dövlətlər belə hallara tolerantlıq sərgiləməyib. Vətəndaşlar üçün real risk ssenarisi budur ki, hərəkət təşkilatlanmış, kütləvi və sosial şəbəkədə açıq şəkildə aparıldıqda, onu dini materialların yayılması - İnzibati Xətalar Məcəlləsinin 515, Cinayət Məcəlləsinin 167-2 maddələri, yaxud "dini ədavət" - Cinayət Məcəlləsinin 283-cü maddəsi kontekstinə salmaq mümkün ola bilər. Bu isə vətəndaşlar üçün ağır və ciddi nəticələrə səbəb olar”. Aytəkin Qardaşova





















