Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
Nazirlər Kabineti tərəfindən məktəblər üçün təsdiq edilən vahid geyim forması bir sıra qruplaşmalar tərəfindən hicaba qadağa kimi qələmə verilərək müxtəlif yerlərdə aksiyalar keçirilir. Bunu isə kütləvilik kimi qələmə verirlər. İrana məxsus sosial media hesablarında daha çox təbliğat xarakterli məlumatlar paylaşılır. Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, bu, gözlənilən vəziyyətdir. F.Mustafa bildirib ki, Azərbaycanda ideoloji İslamın müəyyən dərəcədə genişlənməsinə cəmiyyət olaraq məsuliyyətsizlik də imkan yaradıb: “Vaxtında buna qarşı mübarizə aparan insanları hədəf göstərənlər indi bunun nə qədər böyük təhlükə olduğunu görməlidirlər. Normal, səmimi inanclı insan dövlətin qəbul etdiyi qaydalara uyğun davranmalıdır. Hər hansı bir şəkildə kiməsə hicab məhdudiyyəti gətirilmir. Sadəcə, dövlətə aid olan məkanda bərabər vahid forması qoyulur. Burada müəyyən ən müasir, mini ətək geyinmək istəyənin də qarşısı alınır. Xristian olanlar da Azərbaycan məktəbində oxuya bilər. Hamıya açıq göstərilən şəkildə xaç taxıb gəlməlidir? Yəhudi öz dini inancını ifadə edən papaq taxıb gəlməlidir? Belə şey yoxdur. Hamıya aid olan məsələdir. Hamı bərabər səviyyəsində təhsilə indekslənsinlər. Burada daha çox təhsilin səviyyəsini qaldırılması ilə bağlı insanların müzakirə aparması daha yaxşı olardı. Çünki təhsilin keyfiyyəti açığı qaneedici səviyyədə deyil. Bu da məktəbin cəmiyyətdən nə qədər təsir gücünün azaldığını göstərir. Biz bunu qaldırmalıyıq. Ona görə təbii ki, İran seqmentində bunu xüsusi olaraq tirajlamaq məqsədyönlü xarakter daşıyır və Azərbaycan dövlətinə qarşı daxildən kin-küdurət formalaşdırmağa çalışırlar. Əslində İrançılığın təbliği yalnız İranda həyata keçirilmir. Bizim müvafiq məkanlar, mediada da açıq təbliğatı aparan böyük bir şəbəkə var. Ona gör bu məsələ yalnız İranla əlaqəli deyil. Bunu qızışdıran şəbəkə var. Uşaqların kütləvi şəkildə öz iradəsindən kənar bu prosesə cəlb olunması nə deməkdir? Normal uşaq ancaq təhsil barədə düşünməlidir”. Deputatın sözlərinə görə, inanc heç bir halda təhsildən öncə gələ bilməz: “Bir normal müəllimə özü üçün ən böyük dəyəri kiməsə elm öyrətmək olaraq görməlidir. Müəllimin ən böyük dəyəri odur, ona əhəmiyyət verməlidir. Ona görə, bu məsələlər, məncə, bizim bir daha hansı istiqamətdə maarifçilik işinin aparılmasının vacibliyini başa düşməyən adamlara göstərdi. Demirəm, başa düşməyən adamlar müəyyən mənada çoxluq təşkil edirlər. Amma başa düşən insanlar da bunun təhlükəsini dəfələrlə söyləyirlər və buna müəyyən dərəcədə diqqət yetirən, məsləhətləşən yoxdur. Bu səbəbdən belə məsələlərdə dövlət təhlükəsizliyimizin, cəmiyyətin, insanların təhlükəsizliyinin qorunması istiqamətində daha ciddi şəkildə səfərbər olmalıyıq”. Şəhanə Qədirli





















