"XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
“Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır”. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib. Dövlət başçısı vurğulayıb ki, buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək. Mediaxeberleri.Az Prezident İlham Əliyevin çıxışını tam mətnin təqdim edir: - Salam. Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbir keçirilir. Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil. Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə isə biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir. Həmçinin deməliyəm ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur. Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir. TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir. Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir. Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində. Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük. Bəzi ölkələr artıq həyəcan təbili çalırlar ki, belə davam edərsə, əhali sadəcə olaraq, kritik səviyyəyə qədər azalacaq. Bizim ölkələrimizdə isə əks proses gedir, yəni əhalinin artması prosesi müşahidə olunur. Bəli, bu, müəyyən mərhələdə, əgər fəal iqtisadi siyasətlə, o cümlədən sosial infrastrukturun yaradılması və iş yerlərinin sayının artırılması ilə dəstəklənməzsə, müəyyən iqtisadi, hətta sosial problemlərə gətirib çıxara bilər. Lakin ölkələrimizdə həm iqtisadi artımın, həm də sosial rifahla bağlı məsələlərin uğurla həll edildiyini görürük. Bildiyiniz kimi, mən TDT-yə üzv ölkələrə tez-tez səfər edirəm. Elə keçən ay Özbəkistana, Qırğızıstana iki səfərim oldu, Türkiyədə də, Türkmənistanda da tez-tez oluram. Buna görə də TDT məkanında müşahidə etdiyimiz müsbət dəyişikliklərin özüm şahidiyəm. Bütün bunlar qardaşlarımız üçün sevinc və qürur hissi doğurur. Əlbəttə, sizin müzakirə edəcəyiniz əsas mövzu daim diqqət tələb edən təhlükəsizlik sistemi ilə bağlı məsələlər olacaq. Yenə də ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Artıq dediyim kimi, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır. Əminəm ki, Bakıda keçiriləcək şura çərçivəsində bütün bu məsələlər müzakirə olunacaq. Lakin bunlar həm də daim ölkələrimizin rəhbərliyinin nəzarətindədir. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi. Beləliklə, rəhbərlik səviyyəsində ümumi maraqlarımızın, ümumi planlarımızın olduğu barədə ümumi anlayış mövcuddur və onların həyata keçirilməsi, yenə də daha çox ölkələrimizin mövcud və mümkün təhdidlərdən nə dərəcədə qorunmasından asılı olacaq. Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik. Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək. Əminəm ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik. Beləliklə, ölkələrinizin təhlükəsizlik şuralarının rəhbərləri kimi qarşınızda duran vəzifələr, təbii ki, kifayət qədər böyükdür. Düşünürəm ki, 5-ci iclas çərçivəsində həm məlumat, həm də təcrübə mübadiləsi aparılacaq. Hesab edirəm ki, zəif yerlərimizin harada olduğunu, bizə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz edə biləcəyi, necə deyərlər, hansı pəncərələrin mövcud olduğunu müəyyənləşdirmək faydalı olacaq. Sonda daha bir məqamı qeyd edəcəyəm. Qədim tariximizi nəzərə almasaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 il olan ölkələrdir. Əlbəttə, ölkələrimizin ərazisində qədim dövlətlər mövcud olub, xalqlarımız zəngin dövlətçilik tarixinə malikdirlər və biz haqlı olaraq bununla fəxr edirik. Lakin son dövrə gəldikdə, 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Təbii ki, bu da nəzərə almalı olduğumuz amildir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Əlbəttə, qeyd etdiyim tezislər belə bunun üçün bütün imkanların mövcud olduğunu göstərir. Beləliklə, sizə uğurlu iş arzulayıram, sizi Azərbaycanda salamlayıram, xoş gəlmisiniz!





















