Uşaqlarda sızanaqları yanlış vasitələrlə müalicə etməyin təhlükələri
"İnternetdən əldə edilən məsləhətlərə əsasən sızanaqları spirt və ya turşutərkibli, təsirli kosmetik vasitələrlə müalicə etməyə çalışmaq dəridə qıcıqlanmaya və ikincili infeksiyaya səbəb ola bilər". Mediaxeberleri.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Yekaterina Tsıqankova Gazeta.ru-ya açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, uşaqların erkən yaşlardan kosmetikaya maraq göstərməsi sosial şəbəkələrin təsiri ilə bağlıdır. Kosmetik məhsullar haqqında rəylər və videolar uşaqların gündəlik həyatının bir hissəsinə çevrilib. Lakin uşaq dərisi böyüklərin dərisindən fərqlənir: onun qoruyucu üst qatı daha nazikdir, təbii müdafiə baryeri tam formalaşmayıb və yerli immun müdafiəsi zəifdir. Tsıqankova qeyd edib ki, uşaqda erkən yaşlarda sızanaq, atopik dermatit və ya seboreyalı qabıqlanma yarandıqda böyüklər üçün nəzərdə tutulan kosmetik vasitələrdən istifadə vəziyyəti daha da ağırlaşdıra bilər. Onun sözlərinə görə, valideynlər və ya uşaqlar internetdə gördükləri məsləhətlərə əsasən sızanaqları spirt və turşutərkibli toniklərlə müalicə etməyə çalışırlar. Nəticədə dərinin qoruyucu baryeri zədələnir, iltihab güclənir, qıcıqlanma və infeksiya yarana bilər. Mütəxəssis vurğulayıb ki, dəri xəstəlikləri həkim tərəfindən müalicə olunmalıdır. Bunun üçün həkim konkret vəziyyətə uyğun, çox vaxt aptekdə satılan dərman vasitələrindən ibarət müalicə planı təyin edir. Sosial şəbəkələrdəki məsləhətlərə əsasən özbaşına müalicə isə problemi daha da ağırlaşdıra bilər.





















