YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM
Səbinə Yusif, Mediaxeberleri.Az üçün Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan polkovniki Eldəniz Namazov Bu həmin Eldənizdir. Qazaxdan Qarabağa kimi şərəfli döyüş yolu keçən Polkovnik Eldəniz Namazov. İllərdir Eldənizlə dostuq. Dostluq elə bir münasibətdir ki, əqidən, amalın bir olmalıdır. Bizim dostluğumuzu möhkəm edən Vətən sevgisidir. İnsan doğulduğu kəndi, şəhəri, rayonu sevirsə, o bütöv Vətəni sevir. Eldəniz üçün o taya, bu taya parçalanan Azərbaycan sevgisi var, Dəmir Qapı Dərbənd sevgisi var. Eldəniz üçün Turan sevgisi var. Eldəniz otaq polkovniki deyil. Eldəniz səngər, sərhəd, döyüş polkovnikidir. Və biz Qazaxlılar buna görə Eldənizlə FƏXR edirik. Eldənizlə təkcə Qazaxlılar yox, döyüş yoluna bələd olan hər kəs onunla FƏXR edir. Bir gün həmsöhbət idik. O danışırdı: Xocavənddə qızğın döyüşlər gedirdi. Ərazilərimiz işğaldan azad olduqca sanki torpağın üzü gülürdü. Yuxarı Tağlar kəndində idi bu təyyarə. Səncə mən ilk olaraq nəyi xatırladım? - Əlbəttə ki, Qazaxda Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağa Qayıbovun şərəfinə ucaldılan təyyarəni, dedim. O, gülümsədi və sözünə əlavə etdi: Yaxşı ki, Vətəni Qazaxdan sevdim. Eldənizin Qazaxdan ürəyində Qarabağa apardığı Vətən sevgisi döyüşdə qolunda gücə, dizində taqətə çevrildi. Eldəniz Vətəni Qazaxdan sevib, Qarabağda qələbəyə imza ataraq, adını Azərbaycan Hərb Tarixinə yazdı. Və Eldəniz ürəyinin sağlamlığını Qarabağa halal etdi. P.S. Şəkildəki əsgər onun qardaşı oğludur. Bir evdən iki nəfər Şuşayacan döyüş yolu keçib. P.P.S. Onu da qeyd edim ki, Qazaxda təyyarə ilk ucaldığı ünvana "Samalyotun yanı" deyilirdi.





















