Elxan Əzizovun rəhbərlik etdiyi qurum yenə vergi borcu olan şirkətə 824 000 ödəyəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC mövcud həll üçün virtual modul və dəstək, təhlükəsizlik lisenziyalarının yenilənməsi, "WAF" həllinin yenilənməsi və Çağrı mərkəzi xidmətləri üçün 1 287 424 AZN xərcləyəcək. Mediaxeberleri.Az-ın xəbərinə görə, qurum bu məqsədlə "Jet İnformasiya Sistemləri" MMC (135 009 AZN), "Bestcom Group" QSC (142 069 AZN), "İnfinitech" MMC (824 060 AZN) və "İtech Group" MMC (186 286 AZN) ilə müqavilə bağlayıb. Bu şirkətlərdən birinin - "İnfinitech" MMC-nin dövlətə 12 999 AZN borcu var. Şirkətin qanuni təmsilçisi Mustafa Sabir oğlu Əyyubovdur. Xatırlatma: Ötən il “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC nəqliyyat vasitələrinin təmiri xidmətləri ilə bağlı elan etdiyi 68 819 AZN-lik tenderi də vergi borcu olan şirkətə - "VM Motors" MMC-yə vermişdi. Həmin dövrdə MMC-nin dövlətə 24 018 manat borcu var idisə, indi bir qədər də artaraq 51 367 AZN olub. Qeyd: Nizamnamə kapitalı 5 374 432 manat olan “Azerbaijan İnternational Telecom”un İdarə Heyətinin sədri Elxan Faiq oğlu Əzizovdur.