Daha 3 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq. Turnirdə son olaraq Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar. 63 kq çəkidə yer alan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil. Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatında Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq. Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.