Gənc qadın pnevmoniyadan öldü - TƏBİB-dən ÇAĞIRIŞ
Saatlı rayonunda 20 yaşlı qadın ağciyər çatışmazlığından həyatını itirib. Mediaxeberleri.Az-ın məlumatına görə, Saatlı şəhər sakini 2004-cü il təvəllüdlü Pərvanə Həvəskari ötən gün vəfat edib. Mövzu ilə bağlı sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 13.01.2025-ci il tarixində saat 21:00 radələrində 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) komatoz vəziyyətdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsə sağtərəfli pnevmoniya, kəskin ağciyər çatışmazlığı diaqnozu təyin edilib. Göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 14.01.2025-ci il tarixində 19:30 radələrində şəxsin kəskin ağciyər çatışmazlığı səbəbilə bioloji ölüm faktı qeydə alınıb. "Qeyd edək ki, respirator virus xəstəliklərinin yayılması mövsümi xarakter daşıyır. Kliniki əlamətlərə əsasən bədən hərarətində yüksəlmə, öskürək, halsızlıq, burun axıntısı və tıxanıqlığı, boğaz ağrısı aiddir. Lakin bu simptomlara görə xəstəliyə hansı virusun səbəb olduğunu təyin etmək çətindir. Virus təyin olunsa belə bu xəstəliklərin etioloji müalicəsi olmadığına görə beynəlxalq təşkilatların tövsiyələrində laborator diaqnostikaya çox da yer verilmir. Onu da əlavə edək ki, sözügedən xəstəliklər əsasən ev şəraitində müəyyən bir müddət ərzində öz-özünə sağala bilir. Lakin xroniki xəstəliyə malik və ya immun sistemi zəif olan insanlarda xəstəliyin ağırlaşma ehtimalı yüksəkdir. Buna görə də kliniki simptomlarda aqresivləşmə hiss edilən xəstələrin həkimə müraciət etməsi mütləqdir. Belə xəstələr həkim-mütəxəssis tərəfindən zamanında dəyərləndirilməli, stasionar və ya ambulator müalicə qərarı verilməli, xəstəliyə ciddi nəzarət olunmalıdır”, - açıqlamada bildirilir.