Minsk qrupu bu vaxt ləğv olunacaq – Sabiq nazir açıqladı
Bunu Mediaxeberleri.Az-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, erməni tərəfinin hansısa ciddi addım atması mümkün deyil: “İndiki halda erməni tərəfinin təxribatları tamam başqa amillərlə bağlıdır. Eyni zamanda Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi bitməmiş bu kimi halların olması qaçılmazdır. Tərəflər arasında insidentlərin araşdırılması ilə bağlı komissiyanın yaradılması məsələsi də gündəmdədir. Azərbaycan digər ölkələrlə bu kimi məsələləri qarşılıqlı olaraq araşdırıb həll edə bilir. Burada sərhədlər müəyyənləşdikdən sonra formalaşacaq komissiya digər məsələləri də izləyə biləcək”.
Elmar Məmmədyarov sülh gözləntiləri ilə bağlı məsələlərə də toxunub: “Atılacaq ilk addım Ermənistanın daxili qanunvericiliyində, konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır. Bu müddəalar aradan qaldırılmalıdır. Əgər erməni tərəfi bu addımları atmasa, sülh sazişi sual altına düşəcək. Eyni zamanda ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı da tərəflər birlikdə addım atmalıdır. Sözsüz ki, bu gec-tez həll olunacaq. Sadəcə Ermənistan bunu uzatmağa çalışır. Faktiki olaraq Minsk Qrupu işləmir. Onlara maliyyə yardımı ayrılmır. Minsk qrupunda təmsil olunan ölkələr ABŞ, Rusiya, Fransa arasında gərginlik var. Onlar da yəqin edib ki, Minsk qrupu mexanizm kimi işlək deyil. Sözsüz ki, vaxt tələb olunsa da bu qurum ləğv olunacaq”.
Sabiq nazir Ermənistanın Azərbaycanın ona təklif etdiyi məsələlərə real prizmadan yanaşmasının vacibliyinə diqqət çəkib: “Rəsmi Bakı İrəvana COP29-da iştirakla bağlı dəvət göndərib. Gözlənilən odur ki, Ermənistan tərəfi burada hansısa səviyyədə iştirak edəcək”.