Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan Somali bayrağı altında üzən BETUL 8 adlı yük gəmisinin Bolqarıstan sahilləri yaxınlığında baş verən partlayış nəticəsində batdığı bildirilir. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, gəmidə olan 12 Türkiyə vətəndaşının (heyət üzvləri) itkin düşdüyü qeyd olunur. Bolqarıstan Nəqliyyat Nazirliyinin saytında yer alan məlumata görə, Rumıniyadan Misirə buğda daşıyan yük gəmisi yardım çağırışı göndərib. Varna Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə daxil olan təcili yardım çağırışından sonra gəmi Bolqarıstan sahilləri yaxınlığında batıb. Bolqarıstan mediası 1988-ci ildə inşa edilmiş gəminin partlayışdan sonra batdığını yazıb. Gəmidə olan 12 türk heyət üzvünün itkin düşdüyü bildirilir. Partlayışın səbəbi ilə bağlı araşdırma aparılır. Hadisə Bolqarıstanın müstəsna iqtisadi zonasında, Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə baş verib. Hadisədən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Əraziyə Bolqarıstandan iki, Rumıniya və Türkiyədən isə hər biri bir gəmi göndərilib. Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki “Cougar” helikopteri və bir “Su-25” təyyarəsi də axtarış-xilasetmə işlərinə cəlb olunub. Partlayışın dəniz minası və ya dron hücumundan qaynaqlanıb-qaynaqlanmadığı ehtimalı araşdırılır. Gəmi Rumıniyanın Tulça limanından Misirə təxminən 3 min ton topa buğda daşıyırmış. Marşal Adalarında yerləşən “Optimus Marine” şirkətinin adına qeydiyyatda olan gəminin istismarı da həmin şirkət tərəfindən həyata keçirilirmiş.





















