İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
TRİPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı sazişin Ermənistan parlamentində təsdiqlənməsi İranda ciddi narahatlıq yaradıb.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “İran İnternational” nəşri yazır.
Nəşr qeyd edir ki, İran tərəfi hazırda Ermənistana yalnız xəbərdarlıqlar edə bilir: “Ermənistan parlamenti sazişi oktyabrın 28-də təsdiqləyib. Bundan sonra İranın ali dini rəhbərinin müşaviri İrəvana qarşı təhdid xarakterli bəyanatla çıxış edib, dövlət mediası isə Tehrana layihənin reallaşmasının qarşısını almağa çağırış edib”.
Nəşr TRİPP layihəsinin İranın Cənubi Qafqaza girişini məhdudlaşdıra biləcəyini qeyd edir.
“Dəhlizin keçdiyi Sünik (Zəngəzur-red) İranın Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir və İranın Ermənistanla, eləcə də Ermənistan üzərindən Cənubi Qafqazın digər hissələri ilə birbaşa quru əlaqəsini təmin edən yeganə ərazidir. İran rəsmiləri və ekspertləri hesab edirlər ki, TRIPP layihəsi ölkənin tranzit gəlirlərinin azalmasına və regional nəqliyyat qovşağı kimi mövqelərinin zəifləməsinə səbəb ola bilər. Bununla yanaşı, ABŞ-ın İranın şimal sərhədləri yaxınlığında mövcudluğunun olması Tehranda ciddi təhlükəsizlik təhdidi kimi qiymətləndirilir”, - nəşr yazır.
İranın dövlət mediası TRİPP-lə bağlı sərt yazılarla çıxış edir. Rəsmi informasiya agentliyi olan “Mehr” noyabrın 9-da “Cənubi Qafqaz ABŞ-ın təsir dairəsinə doğru: Tehran TRIPP dəhlizinin həyata keçirilməsinin qarşısını almalıdır” başlıqlı məqalə dərc edib. Məqalədə iddia olunur ki, ABŞ və İsraillə müharibədən sonra İran regional münasibətlərdə ölkənin düşdüyü “yeni vəziyyəti” nəzərə alaraq, Cənubi Qafqaza yanaşmasını yenidən nəzərdən keçirməlidir.
“Mehr” İranın güc tətbiq etməsinin vaciblidiyini irəli sürür. Yazır ki, Cənubi Qafqazda İranın milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərin qarşısını almağın yolu “gücə əsaslanan yanaşma” sərgiləməkdir.
İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin keçmiş xarici işlər naziri Əli Əkbər Viləyati noyabrın 5-də “Ettelaat” qəzetində dərc olunan məqaləsində Paşinyanı tənqid edib.
Vilayəti qeyd edib ki, Ermənistanın xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfirinə xəbərdarlıqlarını çatdırıblar. Bildirib ki, Rusiyanın Ukraynadakı müharibə ilə məşğul olması Ermənistanı “səhv hesablamalar” aparmağa sövq etməməlidir: “İran Rusiya ilə birlikdə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyinə görə özünü məsul hesab edir”.
O, Ermənistanın səfirinə şəxsən xəbərdarlıq edərək, “əgər Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçməyə cəhd etsələr, onların ayaqlarını sındıracağıq” deyə bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının (keçmiş) katibi Armen Qriqoryan bildirib ki, layihə çərçivəsində heç bir silahlı hərbçinin mövcudluğu nəzərdə tutulmur. O, həmçinin vurğulayıb ki, Ermənistanın heç bir qonşu ölkəsi, o cümlədən İran iqtisadi layihəni təhdid kimi qəbul etməməlidir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi isə bazar ertəsi bildirib ki, Ermənistan, Azərbaycan və ABŞ-ın layihə ilə bağlı birgə bəyanatı dərc edildikdən dərhal sonra Tehran narahatlığını İrəvanın diqqətinə çatdırıb. Onun sözlərinə görə, Ermənistan İranı əmin edib ki, marşrut beynəlxalq sərhədlərin və regionun geosiyasi quruluşunun dəyişməsinə səbəb olmayacaq, eləcə də onun ərazisində ABŞ hərbi qüvvələri yerləşdirilməyəcək.
“İran İnternational” yazır ki, İranda mühafizəkar qanad Ermənistanın verdiyi təminatlara inanmır. Mühafizəkar medianın İrəvana qarşı tənqidləri dava etdirməsi də bunu deməyə əsas verir.
İranın dövlət teleradio şirkətinin nəşri olan “Jam-e Jam” qəzeti “İrəvanın Tramp kartı ilə avantürası” başlıqlı məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, İranın milli təhlükəsizlik doktrinası baxımından Sünik vilayətində (Zəngəzur-red) ABŞ-ın nəzarəti altında olan iqtisadi və inzibati strukturun yaradılması, hətta ilkin mərhələdə tranzit və ticarət layihəsi adı altında təqdim edilsə belə, qəbuledilməzdir.
“Təhlükəsizlik təhdidləri mütləq hərbi bazaların yaradılması ilə başlamır. Düşmən dövlətlərlə əlaqəli strateji infrastruktur və şəbəkələr uzunmüddətli təsir imkanlarının formalaşması üçün zəmin yarada bilər”, - nəşr iddia edib.
“Farhikhtegan” nəşrinə danışan ekspert Mehdi Seyf-Təbrizi də eyni iddialardan çıxış edib: “Tehranın narahatlığı prinsip etibarilə yalnız ABŞ hərbi qüvvələrinin mümkün yerləşdirilməsi ilə məhdudlaşmır. Söhbət İran sərhədlərinin yaxınlığında daimi təsir infrastrukturunun yaradılmasından gedir. Belə bir infrastruktur böhran dövrlərində ilkin iqtisadi məqsədlərdən kənara çıxaraq, fərqli hədəflər üçün istifadə oluna bilər”.
O qeyd edib ki, ABŞ-la müharibədən sonra İranın TRİPP layihəsi ilə bağlı narahatlığı daha da artıb.Publika.az
Asif





















