Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Şəki Apellyasiya Məhkəməsində qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmədə təqsirləndirilən Qabil Əsədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, Qabil Əsədov qəsdən “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 13.4-cü maddəsinin, həmçinin Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinin tələblərini pozub. Həmin normalara əsasən, yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməlidir. Lakin təqsirləndirilən şəxs müvafiq icazə almadan ağacların kəsilməsinə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayının əvvəllərindən həmin ayın sonlarınadək, dəqiq günləri istintaqa məlum olmayan vaxtlarda Qax rayonu, Qazmalar kəndi ərazisində yerləşən torpaq sahəsində qanunsuz ağac kəsilməsi həyata keçirilib. Söhbət Qax rayonu, Qıpçaq bələdiyyəsinin mülkiyyətində olan, S.İmamovanın istifadəsində olan 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən gedir. O, həmin ərazidə ümumilikdə 125 ədəd qələmə qovaq cinsinə məxsus ağac köküstə, yaş vəziyyətdə, kök boğazından elektrik mişarı ilə kəsilib. Nəticədə yaşıllıqların qanunsuz kəsilməsi və götürülməsi nəticəsində təbiətə 33 860 manat məbləğində külli miqdarda maddi ziyan vurulub. Qax Rayon Məhkəməsinin hökmü ilə Qabil Əsədov təbiətə külli miqdarda maddi ziyan vurmaqla ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsində təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.





















