QHT sədri həbs edildi - FOTO
Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Oqtay Mirəlizadə həbs edilib. Mediaxeberleri.Az “Qafqazinfoya istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb edilib. Belə ki, vətəndaşlardan biri hüquq-mühafizə orqanlarına müraciət edərək O.Mirəlizadənin ondan aldatma yolu ilə 25 min manat aldığını və geri qaytarmadığını bildirib. Şikayətçinin sözlərinə görə, QHT rəhbəri onun övladını köçürmə yolu ilə DYP-də işə qəbul etdirəcəyinə vəd verib. Yüksəkvəzifəli tanışları vasitəsilə bu işi həll edəcəyinə söz verən Oqtay Mirəlizadə 2022-ci ilin mayında ondan Sumqayıtda yerləşən “Yaşar” restoranında 25 000 manat alıb. Lakin Mirəlizadə vədinə əməl etməyib və aldığı pulu geri qaytarmayıb. O, pulu işi həll etməsi üçün tanışına verdiyini bildirib. Cinayət işinin materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə O.Mirəlizadəyə 2 il müddətinə həbs cəzası verilib.