Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
“Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi aqropark rezidentləri tərəfindən ölkəmizə cəlb edilən təcrübəli aqronomları, bağçılıq üzrə mütəxəssisləri və baytar həkimləri də iş icazəsi tələb olunmayan və müvəqqəti yaşama icazəsinin verilməsinə əsas yaradan kateqoriyalara daxil etməyi nəzərdə tutur. Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən beş illik qüvvədə olması təklif edilir. İrəli sürülən layihə ərzaq məhsulları üzrə idxaldan asılılıqla bərabər, həm də peşəkar kənd təsərürfatı mütəxəssisləri ilə bağlı vəziyyəti aydın göstərir. Əgər aqronom, bağçılıq mütəxəssisi və baytar həkimə ehtiyacımız varsa, ötən on illər ərzində müvafiq ali təhsil müəssisələrinin hazırladığı kadr ehtiyatlarının sayı və keyfiyyətinə diqqət yönəldilməlidir”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin noyabrın 3-də keçirilən iclasında Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib. O bildirib ki, kənd təsərrüfatı nazirinin 2026-cı ildə açıqlamasına görə, aqrar ixtisas məzunlarının öz sahəsində məşğulluq göstəricisi üç ildə 32 faizdən 65 faizə yüksəlib: “Onda kəndlərdə və aqroparklarda işəgötürənlərin ehtiyacları nə üçün ödənmir? İqtisadi sistemlə ali təhsil müəssisələri əlaqələnmədiyi üçün universitetin yetirməsi aqrar təsərrüfatlarda sərbəst işləməyə bilmir”. Komitə sədri bu sahədəki statistik göstəriciləri də açıqlayıb: “2023-cü ildə 3 min 228 istixana fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 3 min 37-yə, 2025-ci ildə isə 2 min 995-ə düşüb. İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona enib. Lakin azalmanı aqronom çatışmazlığı ilə izah etmək olmaz. Təbii qazın qiyməti, istehsalın maya dəyəri və xarici bazarda aşağı satış qiymətləri yerli şirkətlərin rəqabət qabiliyətinə təsir edir. Xaricdən aqronom gətirməklə ziyanla işləyən istixananın bütün problemləri həll olunmayacaq”. O əlavə edib ki, uzun on illər boyu istər aqronom, istərsə də baytarlıq sahəsində böyük ənənələri olan bir ölkədə xaricdən asılılıq emal müəssisələrinin də bölgələrdə sayının azalmasına, nəticədə konsentrant məhsulların süfrədə artmasına səbəb olur: “Süni intelelkt, yaxud data mütəxxəsislərini kənardan gətirmək başa düşülür, lakin respublikamızın vaxtilə keçmiş sovet məkanına kadr ixrac etdiyini nəzərə aldıqda itkilərimizi yenidən qiymətləndirməliyik”. Z.Orucun fikrincə, baytarlıq sahəsində problem daha həssasdır: “Universitetin 2023–2024-cü tədris ilində 76 baytarlıq məzunu olduğu halda, 2025-ci ildə ölkə üzrə vacib ixtisasa dövlət sifarişi ilə 313 tələbə qəbul edilib. Lakin gənclərin neçə faizinin aqrar sektorda işlədiyini göstərən dəqiq statistika açıq mənbələrdə yoxdur. Əksər təsərrüfatlar Türkiyə və İrandan mütəxəssis cəlb edir. Lakin onların böyük bir hissəsi orta peşə təhsilli, lakin təcrübəli olduqları üçün yerli rəqabətdə üstünlük qazanırlar”. Komitə sədri təklif edib ki, qanunvericilikdə xaricdən cəlb edilən mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarlar təsbit olunsun, xüsusilə baytarlıq sahəsində təhsil və peşə səriştəsinin yoxlanılması təmin edilsin: “Aqroparklar güzəştdən yararlandıqları müddətdə yerli aqronom, bağçılıq mütəxəssisi və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramları həyata keçirsinlər. Dövlət Aqrar Universiteti, Lənkəran və digər ali məktəblərlə istehsalat müəssisələrinin birgə tədris təsərrüfatları qurulsun; bölgələrdə işləyən gənc baytarlara və aqronomlara maaş əlavəsi və davamlı peşə təhsili üzrə hədəfli dəstək mexanizmləri nəzərdən keçirilsin. 2027-2032-ci illəri əhatə edən güzəştin nəticəsi neçə əcnəbinin icazə aldığı ilə ölçülməməlidir, daha çox hansı sayda yerli mütəxəssisin öyrədildiyi, ixtisası üzrə işə düzəldiyi və neçə təsərrüfatın məhsuldarlığını artırdığı ilə müəyyənləşməlidir. Xarici biliyi ölkəyə gətirməyə etiraz etmirik, lakin əcnəbi aqronomun və baytarın təcrübəsini yerli mütəxəssisin bacarığına çevirmək əsas hədəfimiz olmalıdır”.





















