Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, monitorinq çərçivəsində uşaqlar arasında pedikulyoz (baş biti və sirkə) hallarının mövcudluğu yoxlanılıb, aparılan baxış zamanı belə hala rast gəlinməyib: "Bununla yanaşı, müəssisədə sanitar-gigiyenik norma və qaydalara riayət olunması vəziyyəti də qiymətləndirilib. Yoxlamanın nəticələrinə əsasən, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunduğu müəyyən edilib. Bildiririk ki, uşaqların sağlamlığının qorunması və müəssisədə sanitariya-gigiyena normalarına riayət olunması istiqamətində müvafiq nəzarət tədbirləri davam etdirilir".





















