ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI”... - Deputat yenə “sayıqladı”
Qarabağın işğaldan azad edilməsindən illər keçsə də, təkcə Ermənistanda deyil, təəssüf ki, Rusiyada da bu tarixi ədalətin bərpasını heç cür həzm edə bilməyən bəzi şəxslər var. Onların ”ən parlaq” təmsilçilərindən biri isə Rusiya MDB İnstitutunun direktoru, Dövlət Dumasının hakim partiyadan olan deputatı və Dumanın MDB işləri komitəsi sədrinin birinci müavini Konstantin Zatulindir. Mediaxeberleri.Az xəbər verir ki, “Moskovski komsomolets” nəşrində Konstantin Zatulinin Moskvadakı MDB İnstitutunda keçirilən “Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişaf perspektivləri” adlı “beynəlxalq dəyirmi masa”dakı çıxışı dərc edilib. Əvvəlcədən qeyd edək ki, həmin tədbirin adı “beynəlxalq” qoyulsa da, orada iştirak və çıxış edənlər əsasən rusiyalı ermənipərəst politoloqlar və Ermənistandakı rusiyapərəst siyasi qüvvələrin təmsilçiləri, erməni politoloqlar olublar. Azərbaycanla bağlı müxtəlif təxribatçı açıqlamaların yer aldığı tədbirdə çıxış edən Konstantin Zatulin Nikol Paşinyan hökumətini hədəf almaqla yanaşı, növbəti dəfə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına alan fikirlər səsləndirib. O, son illər Rusiya-Ermənistan münasibətlərinin pisləşməsində Ermənistanla yanaşı, Rusiyanın da günahkar olması fikri ilə razılaşmadığını bildirib. Üstəlik, “Qarabağın itririlməsini” ermənilərin “milli faciəsi” adlandırıb: "Mən dəfələrlə Ermənistanla bağlı hərəkətlərimizi və ya hərəkətsizliyimizi, xüsusən də 2020-ci il hadisələri ilə bağlı tənqid etmişəm və hələ də inanıram ki, milli faciəyə - Dağlıq Qarabağın itirilməsinə və erməni əhalisinin tarixi torpaqlarından kütləvi şəkildə köçməsinə səbəb olan müharibənin qarşısını almaq üçün bütün mövcud imkanlardan istifadə etməmişik. Mənim mahiyyət etibarilə əsir götürülmüş dostlarım və tərəfdaşlarım indi həbsdədirlər və Azərbaycan məhkəməsi tərəfindən məhkum ediliblər. Mənim üçün bu, şəxsi faciədir. Lakin bu, həm Ermənistanın, həm də Rusiyanın Rusiya-Ermənistan münasibətlərinin pisləşməsində eyni dərəcədə günahkar olduğu anlamına gəlmir. Çünki Ermənistan hökumətinin başçısı hazırkı siyasi kursunu təsadüfən və ya 2020-ci il hadisələrinin təsiri altında qəbul etməyib. Bu, bütün karyerasını Rusiya ilə münasibətləri pozmaq və Avropaya və ya Amerikaya daha yaxın olmaq, ya da ən azından Ermənistanın istiqamətini dəyişdirmək və bütün erməni keçmişindən imtina etmək istəyi üzərində qurmuş bir siyasətçinin qəsdən seçdiyi yoldur". Üstəlik, Zatulin deyib ki, xüsusilə də Ukrayna müharibəsi fonunda artıq Rusiya üçün NATO ilə Avropa Birliyinin heç bir fərqi yoxdur, hər ikisi Rusiyanın düşmənidir və ona görə də Avropa ilə yaxınlaşan Ermənistandakı hakimiyyət kimilər də onlarla bir sırada dayanır. O, İrəvanın davranışını “hərbi əməliyyatlar zamanı xəyanət” adlandırıb: “Paşinyan hərəkətlərinə görə məsuliyyət daşıyacaq və dərin təəssüflə qeyd edim ki, o, tək deyil, bütün Ermənistanla birlikdə məsuliyyət daşıyır". Zatulinin Ermənistan hökumətini, hətta xalqını hədələməsini bir yana qoyaq. Buna Ermənistan rəhbərliyi və ermənilər özləri qiymət versin. Onun növbəti dəfə Qarabağa dil uzatmasını isə qətiyyən nəzərdən qaçırmaq olmaz. “Qarabağın itirilməsi” ifadəsi faktiki olaraq ölkəmizin suveren, ayrılmaz hissəsi olan Qarabağın Azərbaycana məxsusluğunu sual altına almaq və ölkəmizə qarşı ərazi iddiasıdır. Azərbaycanın tam haqlı olaraq, bütün beynəlxalq və daxili hüquqlar əsasında mühakimə etdiyi və bu gün Bakı həbsxanasında cəzasını çəkən keçmiş separatçı, terrorçu qurumun rəhbərlərini “dostlarım və tərəfdaşlarım” adlandırması isə Zatulinin özünün də həmin quldurlarla bir sırada durduğunun göstəricisidir. Hər imkan düşdükdə artıq tarixin zibilliyinə atılmış Qarabağdakı separatizm mövzusunu qaldıran Zatulin öz mahiyyəti etibarilə doğrudan da Ruben Vardanyandan, Araik Arutunyandan, Bako Saakyandan, Arkadi Qukasyandan və digər cinayətkarlardan az seçilir. Ona görə də onları “dostlarım və tərəfdaşlarım” adlandırması təbii görünür. Lakin artıq “qatar gedib” və Zatulin kimilər bu cür “dostlarını” hələ çox yada salacaq və həsrətini çəkəcəklər, lakin bunun heç bir faydası olmayacaq… E.Qüdrətoğlu “AzPolitika.info”





















