“Fitch Ratings” Azərbaycanla bağlı iqtisadi proqnozlarını açıqlayıb
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin saytında qeyd olunub. “BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Qeyd olunur ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 14,8 faizinədək azalıb, bu, “BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır. Agentlik bildirib ki, neftin qiymətlərinin enməsinə baxmayaraq, 2024-25-ci illərdə ölkədə profisitlərin güclü qalacağı gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 69,8 milyard ABŞ dollarına çatıb. Bunun 80 faizi ARDNF-nin payına düşüb. Bundan başqa, 2023-cü ildə ÜDM-in 67%-i səviyyəsində təxmin edilən Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-25-ci illərdə sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir. Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və qlobal ərzaq qiymətlərinin enməsi sayəsində 2023-cü ildə orta inflyasiya 9%-ə düşüb: “2024-cü ildə inflyasiyanın 4,5%-ə qədər daha da azalacağını proqnozlaşdırırıq”. Agentlik bu il Azərbaycanda iqtisadi artımın 2,8%-ə yüksələcəyini proqnozlaşdırıb. “Biz artımın 2024-cü ildə 2,8%-ə və 2025-ci ildə 2,5%-ə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək, eyni zamanda, yeni neft hasilatı enerji sektorunda azalmanı yavaşlada bilər”, - “Fitch”in məlumatında qeyd edilib.