Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
2027-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi 2 milyard 153 milyon 300 min manat məbləğində vəsait ayrılacaq Mediaxeberleri.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb. Bu da 2026-cı illə müqayisədə 176.5 milyon manat və ya 8.9 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 335.8 milyon manat və ya 18.5 faiz çoxdur. 2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsinə aid olan xərclər üzrə 1 milyard 379.5 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 153 milyon manat və ya 12.5 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 258.6 milyon manat və ya 23.1 faiz çoxdur. Həmin vəsaitin 477 milyon manatı ölkə ərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcək. Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 800.9 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 247.4 milyon manat və ya 44.7 faiz, baytarlıq tədbirləri üçün 53.3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 8.4 milyon manat və ya 18.6 faiz çox vəsait proqnozlaşdırılıb.





















