Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
Baku TV 44 günlük Vətən müharibəsinin şəhidi Bilal Qənbərov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Şəhidin dostu Fərid Həsənov Bilalın ən böyük arzularından birinin Şuşaya bayraq sancmaq olduğunu bildirib: "Hadrutda ayağından yaralanmışdı, yeriyə bilmirdi. Ona ordumuzun da, dövlətimizin də güclü olduğunu, bu vəziyyətdə döyüşü davam etdirməsinə ehtiyac olmadığını dedim. Amma Bilal: "Yox, bir şey qalmayıb. Şuşaya bayraq sancıb qayıdacağam", - dedi". F.Həsənov bildirib ki, müharibədən qayıtdıqdan sonra ilk olaraq Bilalın ailəsini ziyarət edib. "Bilalın anası ilə öz anamdan daha çox danışıram. Onu yaşada bilmədik, Bilal ən böyük zirvəyə ucaldı. Qızından Bilalın ətrini duyanda düşündüm ki, onun ruhu qızının bədənində yaşayır", - deyə Fərid Həsənov əlavə edib. Şəhidin əmisinin həyat yoldaşı Fatma Qənbərova isə Bilalın şəhid olması xəbərini almamışdan əvvəl gördüyü yuxudan danışıb: "Yuxuda gördüm ki, kimsə piano çalır, mən də onun yanında dayanmışam. Sonra kimsə mənə dedi ki, piano çalmasınlar, şəhid gəlir. Arxaya baxanda bayrağa bükülmüş tabut gördüm. Səhəri gün isə bu xəbəri eşitdim".





















