Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə başladı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. 6 il əvvəl noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunmaqdadır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir. Mediaxeberleri.Az xəbər verir ki, noyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə oqranlarının rəhbərləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, şəhid ailələri və qazilər, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər. Aksiya zamanı Qazax rayonunun Xanlıqlar kəndi ərazisində 300 ədəd badam ağacı əkilib.




























