Azərbaycanın dünya şöhrətli idmançıları həbs olundu
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub. Mediaxeberleri.AZ xəbər verir ki, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib. Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, dörd nəfər həbs olunub. Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.