Qanunsuz at əti kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran-Astara regional bölməsinə Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub. APA-nın Cənub bürosunun məlumatına görə, daxil olan məlumat əsasında agentlik, Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsi ilə birgə sözügedən ünvana baxış keçiriblər. Fakt öz təsdiqini tapıb. Heyvandarlıq təsərrüfatında, təxmini çəkisi 600 kq olan üç baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Heyvan mənşəli məhsul müsadirə edilərək götürülüb. Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş olan fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan Samir Əliyev bildirib ki, kənd ərazisində Toybəyinin qardaşı Qüdrətlə rastlaşıb və kəsməyə üç baş atın olduğunu deyib. Qarşılıqlı razılaşmadan sonra Samir atları fermaya gətirib və kəsiblər. Sonra S.Əliyev at ətini elə at əti adı ilə Bakı şəhərinə aparıb, əvvəlcədən sövdələşdiyi tanımadığı şəxsə satacaqmış. Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təhvil verilib. Agentlik, rayon polis şöbəsi əməkdaşları ilə bu istiqamətdə tədbirlərini davam etdirirlər.