Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
Qaraçuxur qəsəbəsində, Səyavuş Aslan küçəsinin sakinləri iddia edirlər ki, bir neçə il əvvəl yaxınlıqdakı hərbi hissə söküldükdən sonra onun ərazisində yerləşən iri kanalizasiya sistemi də sıradan çıxıb. Nəticədə ətraf yaşayış massivinin tullantı suları artıq keçmiş hərbi hissənin həyətinə axır. Sakinlərin sözlərinə görə, ərazidə yaranan gölməçələrdən yayılan kəskin üfunət xüsusilə isti havalarda yaşayışı demək olar ki, dözülməz hala gətirir. Sakinlər bildirirlər ki, problem təkcə xoşagəlməz qoxu ilə məhdudlaşmır. Kanalizasiya sularının toplandığı ərazi müxtəlif həşəratların və ağcaqanadların çoxalmasına səbəb olur. Onlar deyir ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, rəsmi məktublar göndərilib, lakin indiyədək problemin aradan qaldırılması istiqamətində konkret tədbir görülməyib. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, əraziyə baxış keçirilib. Tullantı su xəttində müşahidə olunan mövcud problemin səbəbləri araşdırılıb və onun həlli istiqamətində müvafiq planlar hazırlandıqdan sonra əsaslı təmir və bərpa işlərinə başlanılacaq. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 





















