Əhaliyə şad xəbər - Maaşlar artacaq
2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılıb. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb. Bəs görəsən 2024-cü ildə ölkəmizdə müxtəlif sektorlarda maaş artımı gözlənilirmi? Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dövlət sektorunda çalışanların maaşlarında müəyyən artımın olması gözlənilir. "Orta aylıq əməkhaqqı artım tempinə uyğun olaraq, təqaüdlərdə indeksləşdirmə aparılmalıdır və bu da təqribən 10-11 faiz civarında artım olması deməkdir. Minimum əməkhaqqı alan və dövlət müəssisələrində işləyənlərin maaşlarında da müəyyən indeksləşmə olacaq. Onun dəqiq faizi hələ ki elan olunmayıb, amma düşünürəm ki, fəaliyyət növündən asılı olaraq, təqribən 5-10 faiz arası artım ola bilər. Özəl sektora gəlincə, burada maaş artımı təəssüf ki, hər hansısa qanunla tənzimlənmir. Bu sektorda il ərzində hansısa ciddi maaş artımının olacağını düşünmürəm. Amma qeyd etdiyim kimi, dövlət və büdcə təşkilatlarında müəyyən artımlar gözlənilir".