Ən çox haker hücumuna məruz qalan smartfonlar açıqlandı
“Android” əməliyyat sisteminin (ƏS) köhnə versiyaları ilə işləyən qurğular bütün dünyada geniş yayıldığı üçün hakerləri digər qadcetlərlə müqayisədə daha çox maraqlandırır. Bu barədə Rusiyanın “Kasperski Laboratoriyası” şirkətinin tədqiqat mərkəzinin rəhbəri Dmitri Qalov bildirib. O qeyd edib ki, 2009-cu ildən 2023-cü ilə qədər istifadəçi statistikası göstərir ki, “Android” 2012-ci ildə populyarlıq baxımından digərlərini ötüb, 2018-ci ildə maksimum istifadəçi bazasına çatıb və bu günə kimi liderliyini qoruyub saxlayır. Bu, “Android” ƏS-ni cinayətkarlar üçün daha cəlbedici edir, çünki potensial qurbanların sayı xeyli çoxdur. Qalov izah edib ki, bazarda “Android”in köhnəlmiş versiyaları ilə buraxılan büdcəli qurğulara tələbat var. “Dünyada çoxlu sayda insan var ki, bu cür köhnəlmiş ƏS versiyaları olan cihazlardan istifadə edir, bu isə ən son təhlükəsizlik yeniləmələrinin olmaması səbəbindən belə qurğuları həssas edir”, - deyə o xəbərdarlıq edib. Bundan əvvəl yeni smartfonların artıq satışa çıxarılmazdan əvvəl zərərli proqrama yoluxmuş ola biləcəyi barədə məlumat vermişdik. Mənbə: RİA Novosti