Xankəndidə vəziyyət gərginləşdi: - Babayan bu gün “çevriliş edəcək”
Qarabağda separatçılar arasında qarşıdurma dərinləşməyə başlayıb. Mediaxeberleri.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu gün Xankəndidən quldur dəstəsinin özünə yeni “rəhbər” seçməsi ətrafında yaranan gərginliyə səbəb Samvel Babayanın “namizəd”liyinin qeydiyyata alınmamasıdır.
“Joqovurd” qəzeti yazır ki, Babayan artıq dünəndən öz tərəfdarlarına Xankəndidəki mərkəzi meydana toplaşmağa çağırıb. “Babayan bildirib ki, Qarabağda “hakimiyyəti” bir qrup adamın əlinə verməyə razılaşmayacaq. O, iddialı olduğunu və bunun üçün mübarizə aparacağını da deyib. Üstəlik bildirib ki, məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edəcək”.
“İravunk” qəzeti isə bildirir ki, belə davam edərsə, Qarabağda silahlı toqquşma da qaçılmaz olacaq. Belə ki, onlar Samvel Babayanın silahlı dəstələrə malik olmasını iddia etməklə yanaşı, həm də onun az tərəfdarının olmadığını qeyd edirlər. “Babayan kiçik fiqur kimi görünə bilər. Lakin onun Qarabağda dayaqları az deyil. Üstəlik, onun ətrafında silahlı adamların olduğu da sirr deyil. Belə davam edərsə, Xankəndidə qan qaçılmaz olacaq”.
Bölgədəki separatçıların qondarma “parlament”i isə bəyanat yayaraq, daxili siyasi vəziyyətin gərgin olduğunu bildirib. Qeyd edilib ki, hazırda vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edirlər. “Biz hamını diqqətlə və ayıq olmağa çağırırıq.Qarşıdurmalara səbəb olan hallardan çəkinin. Əsas hədəf Qarabağaın “konstitusiya quruluşunu” qorumaqdır. Bunun üçün lazım olan bütün addımlar atılacaq”.
Bu əsnada, quldur dəstəsinin yeni rəhbəri olan Samvel Şahramanyanın hansı kurs seçəcəyi də müzakirə olunur. JAMAZ.İNFO “Hraparak”a istinadən bildirir ki, Şahramanyan ilk olaraq Rusiya ilə əlaqələri qurmaq üçün addımlar atacaq. “Çünki rus sülhməramlılarının Qarabağda qalması lazımdır. Həmçinin o, Ermənistanla münasibətləri də tənzimləməyə çalışacaq. Lakin İrəvandan gələn tapşırıqları yerinə yetirməyəcək”.
Onu da bildirək ki, bu gün Qarabağdakı quldur dəstəsi özlərinə yeni “rəhbər” seçəcək. Bununla bağlı, saat 11:00-da Xankəndidə yığıncaq keçiriləcək. Eəsmi Bakı isə separatçılara bununla bağlı xəbərdarlıq edib.