Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə şanlı tarix yazan qəhrəman, igid oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Ağstafa rayonunun Qırlı kəndindən olan, Daxili Qoşunların həqiqi hərbi xidmət hərbi qulluqçusu Sadıqov Samir Cəbrayıl oğlu da Şəhidlik zirvəsinə yüksəldi. Artıq 3 ildir ki, qəhrəman şəhidimiz bizim aramızda olmasa da daim qəlblərdə yaşayır. Azərbaycan dövləti və xalqı var olduğu müddətdə hər zaman hörmət və ehtiramla yad olunacaq. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ağstafa rayonunun Qırlı kəndindən olan, Daxili Qoşunların həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2023-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində keçirilən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib. Şəhidin keçdiyi şərəfli döyüş yolu, Vətən qarşısında göstərdiyi qəhrəmanlıq və fədakarlıq haqqında fikirlər səsləndirilib. Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiram və minnətdarlıqla yad edilir. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!





























