Ev şəraitində hazırlanan qida məshullarının satışının tənzimlənməsi ilə bağlı proqram müzakirələrə səbəb oldu - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məshullarının bazara çıxarılması və satışı ayrıca tənzimlənəcək və nəzarətə götürüləcək. Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üzrə “Dövlət Proqramı”da əksini tapıb. Bu isə kiçik sahibkarların narahatlığına səbəb olub. Belə ki, sosial şəbəkələrdə istifadəçilər evdən yemək satışının leqallaşdırılması ilə bağlı güzəştlərin tətbiqinin vacib olduğunu bildirirlər. Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud məsələnin iki tərəfi var. Onun sözlərinə görə, bir tərəfdən ərzaq təhlükəsizliyi, uçotun aparılması, digər tərəfdən tənzimlənmənin yaradacağı neqativ təsirlər, riskləri nəzərə almaq lazımdır: “Kiçik ailə təsərrüfatlarının bundan istifadə imkanlarının məhdudlaşdırılması baxımından burada daha diqqətli olmağa, mərhələli şəkildə prosesin həyata keçirilməsinə ehtiyac var. İndiyə qədər Azərbaycanda bu istiqamətdə ciddi bir problemin olduğunu düşünmürəm. İstənilən halda düşünürəm ki, bu kimi məsələdə ehtiyatlı yanaşmasının qoyulmasında fayda var. Daha yaxşı olar ki, risk səviyyəsi qiymətləndirilməklə məhsul növləri üzrə təqdim olunan yemək və qida məhsulları üzrə proses mərhələli şəkildə həyata keçirilsin və fərqli yanaşmalar ortaya qoyulmalıdır. Yüksək, orta, aşağı riskli məhsullar və bunların eyni zamanda tənzimlənməsi, düzgün yanaşmanın ortaya qoyulması, çərçivələrini fərqləndirməklə, yəni yüksək riskli məhsullara münasibətdə hansısa formada nəzarət və keyfiyyət standartlarının tətbiqi və markalaşdırma kimi də tələblər gətirilə bilər. ABŞ, Avstriya, Britaniya təcrübəsində bənzər yanaşmalar var. Digər əlavə inzibatçılar, dəyər zəncirində müddətin artması, hansısa fasilələrin gətirilməsi kimi məqamlar olmadan bu prosesin idarə edilməsi daha yaxşı olar”. İqtisadçı bildirib ki, zamanlama məsələsində də diqqətli olmağa ehtiyac var: “Bu son iki ildə Azərbaycan iqtisadiyyatında durğunluq müşahidə edilir. Bu da ailə təsərrüfatları üçün alternativ istiqamətdə gəlir mənbəyi yaratmaq zərurəti yaradır. Həmçinin burada qeyri-ixtisaslı şəxslərin hansısa formada fərdi sahibkarlıq, məşğulluqla öz ailə büdcəsini dəstəkləməsi istiqamətində imkanlardan biridir ki, bu siyasətin formalaşdırması zamanı müvafiq istiqamətdə məhdudlaşdırmalara gətirib çıxaran, təşəbbüsləri zəiflədən hər hansı bir yanaşmaların tətbiq edilməməsi daha doğru olar”. 






















