Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
Diş məcunu, spirt, limon suyu, sarımsaq və digər xalq təbabəti üsulları ilə sızanaqlardan qurtulmağa çalışmaq dəridə qıcıqlanma, dermatit və hətta yanıqlara səbəb ola bilər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq Nataliya Ovdey Gazeta.ru nəşrinə müsahibəsində danışıb. "Sızanaqlara qarşı xalq təbabəti üsullarının əksəriyyətinin effektivliyi sübut edilməyib. Onları dəriyə tətbiq etmək qıcıqlanma, quruluq və hətta yanıqlarla nəticələnə bilər", - deyə Nataliya Ovdey xəbərdarlıq edib. Kosmetoloqun sözlərinə görə, diş məcunu dəridə quruluq və qabıqlanmaya səbəb ola bilər, spirt məhlulları isə dərinin qoruyucu baryerinə zərər verə bilər. Limon suyu qıcıqlanma və arzuolunmaz piqmentasiyaya səbəb ola bilər. Sirkə, soda və konsentrat turşular isə dəridə kimyəvi zədələnmələr yarada bilər. Sarımsaq və soğan da kontakt dermatitə səbəb ola bilər. Nataliya Ovdey həmçinin dərin və ağrılı sızanaqları sıxmamaq barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, iltihabın daha geniş yayılmasına, ləkə və çapıqların yaranmasına səbəb ola bilər. Kosmetoloq sızanaqların müalicəsi üçün dəri tipinə və vəziyyətinə uyğun seçilmiş, effektivliyi araşdırmalarla təsdiqlənmiş məhsullardan istifadə etməyi tövsiyə edib.





















