Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
Son vaxtlar marketlərdə bəzi qida məhsullarının qiyməti eyni qalsa da, qablaşdırmanın əvvəlkindən daha kiçik olduğu diqqət çəkir. Şokolad, şirniyyat, süd məhsulları və digər ərzaqlarda çəkisinin azaldılması istehlakçının ödədiyi məbləği dəyişməsə də, aldığı məhsulun miqdarını azaldır. Bəzi hallarda məhsulun etiketində yazılan çəki ilə faktiki çəki niyə fərqli olur? Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ərzaq məhsulları alarkən istehlakçıların qarşılaşdığı problemlərdən biri də məhsulun üzərində göstərilən çəki ilə real çəkinin uyğun gəlməməsidir: "Azərbaycan istehlakçıları ərzaq məhsulları alarkən bəzən çəkidə aldanma halları ilə üzləşir. Bu problemin əsas səbəblərindən biri istehlakçıların hüquqları və satış məntəqələrində çəkini yoxlama imkanları barədə kifayət qədər məlumatlı olmamasıdır. Nazirlər Kabinetinin 94 saylı qərarında satış yerlərində nəzarət tərəzilərinin olması və istehlakçının aldığı məhsulun çəkisini həmin tərəzidə yoxlaya bilməsi nəzərdə tutulur. Eyni zamanda, dövlət tərəfindən nəzarət tərəzilərinin düzgün işləməsinə nəzarət edilməli və onların qeydiyyatı aparılmalıdır. Lakin xüsusilə qablaşdırılmış məhsullarla bağlı başqa bir problem ortaya çıxır. İstehlakçıların bir qismi qablaşdırmanın üzərində göstərilən çəkinin məhsulun real çəkisi ilə tam uyğun olduğunu düşünür. Məsələn, bəzən qablaşdırmanın üzərində məhsulun çəkisi 1 kiloqram göstərilsə də, faktiki çəkinin 800-900 qram olması halları ilə rastlaşmaq mümkündür. Bu hal istehlakçının aldadılması kimi qiymətləndirilə bilər. Lakin qanunvericilikdə bu məsələnin tam şəkildə tənzimlənməməsi müəyyən boşluqlar yaradır və bəzi satıcılar da bundan sui-istifadə edirlər". Onun sözlərinə görə, problem xüsusilə bazarlarda daha qabarıq şəkildə özünü göstərir: "Belə satış yerlərində nəzarət tərəzilərinin olmaması istehlakçının aldığı məhsulun çəkisini yerindəcə yoxlamasını çətinləşdirir. Nəticədə çəkidə aldatma halları baş verə bilər. Açıq şəkildə satılan məhsulların çəkildiyi tərəzilərlə bağlı da müəyyən məsələlər mövcuddur. Belə tərəzilər ildə bir dəfə müvafiq qurum tərəfindən yoxlanılmalıdır. Lakin bu yoxlama prosesi məcburi xarakter daşımır. Yəni tərəzi sahibi özü müraciət edərək tərəzisini yoxlatdırmalıdır. Bu prosesin məcburi olmaması da qanunvericilikdə olan çatışmazlıqlardan biri kimi qiymətləndirilə bilər". O qeyd edib ki, elektron tərəzilərin istifadəsinin genişlənməsi isə çəkidə şəffaflığın təmin olunması baxımından müəyyən müsbət dəyişikliklər yaradıb: "Bununla belə, qablaşdırılmış məhsulların üzərində göstərilən çəki ilə faktiki çəki arasındakı fərqlə bağlı problem hələ də qalmaqdadır. Bu baxımdan istehlakçıların məhsul alarkən çəkisinə diqqət yetirməsi, mümkün olduğu hallarda məhsulun çəkisini nəzarət tərəzisində yoxlaması və qablaşdırmanın üzərində göstərilən məlumatları diqqətlə nəzərdən keçirməsi vacibdir"
Qiymət artımı birbaşa etiketdə görünməsə də, istehlakçı əslində daha az məhsula eyni və ya daha yüksək məbləğ ödəyir.





















