Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
"İlin sonuna qədər Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir". Mediaxeberleri.Az "Report"a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə açıqlaması zamanı səsləndirib. E.Hüseynov Ağdam və Füzuli rayonlarında görülən işlərlə də bağlı məlumat verib: "Böyük Qayıdış Birinci Dövlət proqramı çərçivəsində digər işğaldan azad olunmuş ərazilər kimi Ağdam, Füzuli və Xocavənd rayonlarında da işlər qrafikə uyğun olaraq həyata keçirilməkdədir. Hazırda Ağdam rayonunda Ağdam şəhəri və 2 kənd olmaqla quruculuq işləri davam edir. Dördüncü və beşinci yaşayış kompleksləri, Eyvazxanbəyli, Baş Qərvənd kəndləri bərpa olunur. Bu dörd yaşayış məntəqəsinin ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulur. Bu, ümumilikdə Ağdam şəhərində 8 000 nəfərin qayıdışı deməkdir. Eləcə də, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində də müvafiq olaraq 427 və 851 ailənin öz kəndlərinə ilk mərhələdə qayıdışı deməkdir". E.Hüseynov Füzuli rayonunda da iki kənddə görülən işlər barədə də danışıb: "İkinci Ağıllı kənd olan Dövlətyarlı kəndində 450 ailənin yaşayışı üçün kəndin bərpası davam edir. Eyni zamanda da Pirəhmədli kəndində 146 ailənin birinci mərhələdə köçü üçün, bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Bizim məqsədimiz odur ki, bu iki kənddə də tikinti-bərpa işlərini yekunlaşdıraq".





















