Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
Salyan rayon sakini, 2002-ci il təvəllüdlü Raqil Ağahüseyn oğlu Hüseynovun əlillik müddətinin başa çatmasına baxmayaraq, yenidən əlillik təyinatı almadığı iddia edilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda bildirilir ki, Raqil üç ay hərbi qulluqçu olub və 44 günlük Vətən müharibəsi zamanı ağır yaralanıb. Onun altı ildir əmək qabiliyyətini itirdiyi, 24 yaşının olduğu və əlillik hüququnun, pensiyasının verilmədiyi iddia olunur. Paylaşımda Raqilin müharibə zamanı aldığı xəsarətlərə dair fotolar da yayımlanıb. Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Oxu.Az-a açıqlamasında bildirib ki, Raqil Hüseynovun əlillik müddəti 27 may 2026-cı il tarixində başa çatıb. O qeyd edib ki, həmin şəxsin əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Tural Qurbanovun sözlərinə görə, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir: "Şəxslə bağlı müvafiq sənədlər (Forma-88) tibb müəssisəsi tərəfindən elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparılsın. Göndəriş daxil edildiyi təqdirdə qanunvericiliyə uyğun olaraq Raqil Hüseynovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq".






















