Azərbaycan çempionatında son 5 mövsümün rekordu qeydə alındı
Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu qeydə alınıb. Mediaxeberleri.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 3-cü dəfə het-trikin reallaşması ilə baş verib. “Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib. O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olublar. Sonuncu dəfə çempionatda 3 het-trikə 2018/2019 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdiriblər. Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 oyunda bir futbolçu üç qol vurub.