AFFA rəsmisi De Byazini müdafiə etdi, futbolçuları günahlandırdı
“Millinin oyunlarından sonra AFFA İcraiyyə Komitəsi yığışacaq. De Byazinin məsələsi də məhz həmin vaxt müzakirə olunacaq. İtaliyalı mütəxəssisin müqaviləsi seçmə mərhələnin sonunda bitir”. Bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov jurnalistlərə müsahibəsində deyib. Milli komandamızın baş məşqçi məsələsi haqda danışan Z.Axundov bildirib ki, yığmada əsas problem məşqçidə yox, futbolçulardadır: “De Byazi gedib, ondan yaxşısı gələcəksə, mən razı. Amma hər şey futbolçulardan asılıdır. Oyunçular gərək komanda üçün can yandırsınlar. De Byazinin əvəzinə başqası gəlib futbolçuların yerinə oynamayacaq. Milli başımızın tacıdır. Hər birimiz milli komanda üçün çalışmalıyıq. Hamımız yığmanın uğurlu nəticə göstərməsini istəyirik”. Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatır.