Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
Badamdar – 20-ci sahədə sürüşmə sahəsində çatlar genişlənib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. Ərazidə vəziyyətin dinamikası izlənilir. Xatırladaq ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə sürüşmə hadisəsi baş vermişdi. Həmçinin ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib. *** Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə səbəbindən əhaliyə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub. Bu barədə Səbail İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində sözügedən ünvanda sürüşmə prosesi yenidən aktivləşmiş, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb: "Prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır. Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilmiş və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub".





















